header

 Azərbaycan hökumətinin «təmizləmə» planı

“The Guardian” da Azərbaycandakı son həbslərdan yazdı. Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları öncəsi hakimiyyətin tənqidçi fəalları susdurmaq cəhdi qorxu yaradır


 Azərbaycanda son vaxtlar güclənmiş repressiyalar dünyanın aparıcı media orqanlarının diqqətindədir. ABŞ-ın “The Washington Post” qəzetindən sonra Böyük Britaniyanın “The Guardian” qəzeti də Azərbaycanda baş verən həbslər barədə geniş həcmli məqalə hazırlayıb. Məqalənin tərcüməsini təqdim edirik:

 Azərbaycanda ölkənin tanınmış hüquq müdafiəçilərinin dördü həbs olunub. Gələn ilin yayında Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları öncəsi hakimiyyətin tənqidçi fəalları susdurmaq cəhdlərini gücləndirməsi qorxu yaradır. Vətəndaş cəmiyyətinin veteran fəallarından olan vəkil Intiqam Əliyev ötən cümə günü həbs olunub, ona qarşı qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərini aşma və vergidən yayınma ittihamları irəli sürülüb. Onun barəsində tələm-tələsik üç aylıq həbs-qətimkan tədbiri seçilib. “Amnesty International” Intiqam Əliyevi “vicdan məhbusu” adlandırıb və onun sırf hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbsə atıldığını bəyan edib.

 Leyla Yunus Azərbaycanda insan haqlarının pozulmasını sərt şəkildə tənqid edənlərdən biridir. Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, eləcə də demokratiya aktivisti Rəsul Cəfərov da bu yaxınlarda həbs olunub. Onların hər üçünün barəsində məhkəməyə qədər ilkin istintaq müddəti üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Leyla və Arif Yunuslara qarşı ermənilərin xeyrinə casusluq, dövlətə xəyanət, qanunsuz sahibkarlıq fəaliyyəti və digər maliyyə ittihamları irəli sürülüb. Cəfərov vergidən yayınmada ittiham olunur.

  “Leyla Yunus Azərbaycanda müstəqil səslərdən biridir. Uzun müddətdir ki, hakimiyyət onu hədə-qorxular yolu ilə susdurmağa çalışırdı”, - deyə “Amnesty International”ın Azərbaycan üzrə araşdırmaçısı Natalya Nozadze onun həbsini şərh edərkən bildirib.

 Adları çəkilən vətəndaş cəmiyyəti fəallarının dördü də hazırda Azərbaycandakı siyasi məhbusların siyahısının hazırlanmasıyla məşğul idi. Həmin siyahı bu həftə ingilis dilində dörc olunub yayılmalıdır.  Azərbaycanlı araşdırmaçı jurnalist Xədicə Ismayıl “The Guardian”a bildirib ki, son olaraq Intiqam Əliyevin özünün də adı bu siyahıya daxil edilib. Siyahı Avropa Şurasının siyasi məhbuslarla bağlı müəyyənləşdirdiyi kriteriyalar əsasında hazırlanıb.

 Avropa Şurasının baş katibi Torbörn Yanland bildirib ki, o, Azərbaycan prezidenti Ilham Əliyevlə danışıb və ona son günlər ölkədə tanınmış hüquq müdafiəçilərinin həbsilə bağlı dərin narahatlığını çatdırıb. Azərbaycanda insan haqlarının belə bir vəziyyətdə olmasına baxmayaraq, ölkə hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.

 Azərbaycan rəsmiləri iddia edir ki, həbs olunan dörd fəalın hamısına qarşı ittihamlar onların hər birinin rəhbərlik etdiyi təşkilatın maliyyə fəaliyyətilə bağlıdır. Onların dördü də həbs olunana qədər bank hesablarına həbs qoyulmuşdu.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev iddia edir ki, “Azərbaycanda sistem ədalətli və şəffafdır”. Intiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunusun bank hesabları onların rəhbərlik etdiyi təşkilatların fəaliyyətindəki pozuntularla əlaqədar preventiv tədbir olaraq bağlanıb. Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar bu il sərtləşdirilib, təşkilatların qeydiyyatı və idarə olunması xeyli çətinləşdirilib. Avropa Birliyinin xarici siyasət üzrə komissarı bu addımın xüsusən müstəqil və tənqidçi vətəndaş cəmiyyətinin fəaliyyəti, xüsusən insan haqları və demokratiya sahəsində məkanının daralmasına yönəlməsilə əlaqədar narahatlığını ifadə etmişdi.

 Azay Quliyev isə deyir ki, qanuna düzəlişlər bu sektorda “şəffaflığın təmin olunması və peşəkar fəaliyyətin inkişafına” yönəlib. Bir çoxları hesab edir ki, son həbslər Azərbaycan hökumətinin Avropa Olimpiya Oyunları öncəsi geniş “təmizləmə” planının tərkib hissəsidir. Azərbaycandakı fəallar 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində etdikləri kimi, yenə də Avropa Olimpiya Oyunları fonunda beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan haqlarının durumuna cəlb etmək üçün fəaliyyətə başlayıblar.

 Azay Quliyev deyir ki, Azərbaycan bu turnirin ruh yüksəkliyi, təhlükəsiz və peşəkarlıqla keçirilməsinə nail olacaq. Leyla Yunusa qarşı ittihamlar Azərbaycan sərhədlərini aşır. Ona qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla yanaşı, həm də Ermənistan xeyrinə casusluq etməklə dövlətə xəyanət ittihamı irəli sürülüb. Bu ittiham sübuta yetirilərsə, o, ömürlük azadlıqdan məhrum edilə bilər.

 Azərbaycanda Ermənistan məsələsi həddindən artıq həssas məsələdir. Xüsusən nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağa görə iki ölkə arasındakı “dondurulmuş konflikt” son aylarda yenidən alovlanıb. Baxmayaraq ki, 1994-cü ildən atəşkəs elan olunub, hələ də sülh müqaviləsi imzalanmayıb, hər il qarşılıqlı atışmada hər iki tərəfdən onlarla insan həlak olur. Leyla Yunus münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə insan haqları sahəsində fəaliyyət göstərən erməni aktivistlərlə birgə çalışırdı. Azərbaycan 2011-ci ildə hərbi xərclərini kəskin artırdı.

 “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının Avrasiya üzrə təhlilçisi və layihə direktoru Silvana Kolakoşska əmindir ki, Bakı rejimi son bir neçə ildə ölkədə vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə bəhanə kimi müharibə təhlükəsindən sui-istifadə edir: “Avtoritar rejimlər real olan və ya uydurulmuş təhlükələrdən sui-istifadə etməklə, ”satqınlar" üzə çıxarmaqla vətəndaş cəmiyyətini susdurur, ayrı-ayrı tənqidçilərlə haqq-hesab çəkirlər".

 Həbs olunan fəalların vəkili Xalid Bağırov deyir ki, bu həbslər siyasi motivlidir. Bununla belə, əlavə edir ki, onların bəraət alması “mümkün deyil”. Vəkil eyni zamanda, Leyla Yunus və həyat yoldaşı Arif Yunusun səhhətindəki problemlərlə əlaqədar narahatlığını ifadə edib: “Onların hər ikisinin xüsusi qayğıya ehtiyacı var. Onların qohumları ölkədə yoxdur, əksəriyyəti çıxıb gedib. Belə olan halda, onları xüsusi dietik yeməklərlə, dərmanlarla təmin etmək çox çətindir”.

 Neftlə zəngin olan bu ölkədə son iki ildə qanunvericiliyə qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti fəallarının fəaliyyətini çətinləşdirən bir sıra mürtəce dəyişikliklər edilib. Bakıda müxalifətin mitinqlərinə qadağa qoyulub. Belə mitinqlər keçiriləndə isə bu, onlarla insanın həbsilə müşayiət olunur, etirazçılar zorakılığa məruz qalır.

 


 

·      

“The Guardian” da Azərbaycandakı son həbslərdan yazdı. Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları öncəsi hakimiyyətin tənqidçi fəalları susdurmaq cəhdi qorxu yaradır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap