header

 6 ayda 6 min ailənin ayrılmasına səbəb nə olub?

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, 6 ayda Azərbaycanda 6 min ailə boşanıb. Bu statistika yəqin ki, dünyanın hər hansı ölkəsi ilə müqayisə oluna bilməz.
Digər dünya ölkələrinin rəsmi statistikasına nəzər yetirdikdə boşanan ailələrin sayına görə Azərbaycanın ilk yerlərdə dayandığını görürürk.

2010-cu ildə boşanmaların sayına görə siyahıya Rusiya, Belarus və Ukrayna liderlik edib.

2013-cü ildə açıqlanan hesabata görə, boşanan kişilərin sayına görə Dominikan siyahıda birincidir. Daha sonrakı yerdə Latviya və Çexiya qərarlaşır.
Kuba, Kipr, Meksika, Hollandiya, İsveçrədə kənd yerləri ilə müqayisədə şəhərdə yaşayan cütlüklər arasında boşanma faktları daha çox qeydə alınıb. Azərbaycanda da qadına qarşı zorakılıq halları var. Çox təəssüflər olsun ki, hər il bu rəqəm artmaqdadır. 2014-cü ilin tam statistikası hələ ki, açıqlanmayıb. Azərbaycanda isə 6 aylıq göstərici çox dəhşətlidir.

Ölkəmizdə cütlüklərin ayrılmasının səbəbini axtardıq.

Elşən Mustafaoğlu. İlahiyyatçı


- Zənnimcə, ailələrin dağılmasının başlıca səbəbi bütün dünyada eynidir Hər yerdə olduğu kimi, Azərbaycanda da boşanmaya əsas səbəb ərlə arvad arasında mənəvi bağlılığın qırılmasıdır. Bu, müxtəlif faktorlardan qaynaqlana bilər - kimiləri xasiyyətlərin uzlaşmaması, kimiləri qarşı tərəfin narkoman olması, tüfeyli həyat sürməsi, ailəyə etinasız yanaşması, laqeydlik göstərməsi, kimiləri maddi ehtiyac, kimiləri utopik arzuların gerçəkləşməməsi, kimiləri qısqanclıq, yaxud xəyanət, kimiləri daha nələri səbəb kimi göstərib, artıq ailə həyatının belə davam etdirməyin mümkün olmadığı qənaətinə gəlir. Yəni burada sosial-iqtisadi-məişət, psixoloji amillər ərlə arvad arasında qurulmuş mənəvi “ailə ocağı” ittifaqının arasına girir və bu ittifaqı pozur. Qeyd edək ki, heç də bu ittifaqın pozulduğu bütün ailələr formal olaraq dağılmır. Nikah rəsmən pozulmur, boşanma baş vermir, amma mənəvi cəhətdən ailə ocağı dağılır və artıq bir evin içində bir-birinə mənəvi cəhətdən yad olan kişi və qadın yaşayır. Ərlə arvadın cəmiyyətdəki ictimai statusu, "qohumlar-tanışlar nə deyər?" amili, övladların aqibəti və s. kimi məsələlər bəzi ailələri formal boşanmadan sığortalayır. Amma bir çox ailələrdə vəziyyət daha kritik hal alır və belə amillər də artıq işləmir. Amma tərəflər mənəvi baxımdan bir-birinə uyğun olarlarsa, belə mənəvi ittifaq ailədə qarşıya çıxan söz-söhbətləri, problemləri həll etməyə zamin olar. Bu zəmanət Quran təbiri ilə desək, iki möhkəm əsasa söykənir - qadınla kişi arasında doğmalıqla olan sevgi (ərəbcə “əl-məvəddə”) və mərhəmət (“ər-rəhmə”). Qurani-Kərimin “Rum” surəsinin 21-ci ayəsində oxuyuruq: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən (insan cinsi) zövcələr xəlq etməsi, aranızda doğmalıqla olan sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir”. Allah-Təala məhz bu iki möhkəm dayağa söykənən ailə ittifaqının qurulmasını buyurur. Bax, tərəflər arasında bu iki prinsip pozulduqda boşanma baş verir, ailə dağılır. Bu iki prinsip möhkəm olduqda isə sosial-iqtisadi və məişət problemləri bu ailə ittifaqını pozmaqda aciz olur - tərəflər ailəni dağıtmağa yox, bir-birinə olan məhəbbəti və mərhəməti ilə üzləşdikləri problemləri çözməyə çalışırlar. Bir sözlə, ər öz səadətini xanımını xoşbəxt etməsində görür, xanımı da öz xoşbəxtliyini ərini xoşbəxt etməkdə. Allah hər bir ailə ocağına Rəbbimizin buyurduğu həmin sevgi və mərhəməti bəxş etsin...


Qurban Yaquboğlu. Jurnalist



-Fikrimcə, boşanmaların sürətlə artmasının əsas səbəbi gender bərabərliyidir. Riyazi bərabərliyə sözüm, iradım və etirazım yoxdur, amma istənilən strukturda, sistemdə ikibaşlı və bərabər idarəçilik iflasa gətirəcək. Kişi hökmranlığı qadının aşağılanması anlamına gəlmədən ailənin möhkəmliyini qorumağa qadirdir.
Avropadan, daha doğrusu, Hollandiyadan gəlmiş bir tanışım deyir ki, cinsi münasibətlərdə bütün hoqqalardan çıxmış bu qoca qitə yenidən ailə institutunun qorunması qənaətinə gəlib. Çünki ailə insanlığın və nəsil artımının ən münasib formasıdır. Bizim mühitdə isə ailəninn əleyhinə çoxsaylı vasitələr fəaliyyətdədir - sosial şəbəkələrdən tutmuş ailəni cəhənnəm elan eləyən aktivist yazarlara qədər. Yəni hazırda ailə əleyhinə güclü mexanizm işləyir. Azərbaycan dövləti ailənin təşviqi üçün təcili tədbirlər görməlidir. Əlbəttə, Ailə, Uşaq və Qadın Problemləri üzrə Komitə kimi mənasız bir quruma etibar eləmək yetərsizdir...

Elçin Bayramlı. Sosioloq


-Ailələrin boşanmalarının artması və bu sahədə vəziyyətin acınacaqlı hala gəlməsinin bir çox səbəbləri var. Əvvəla, son dövrlərdə cəmiyyətimizdə mənəvi-psixoloji vəziyyət son dərəcə dəyişib. Dəyərlər dəyişib, altruist təfəkkürdən eqoist təfəkkürə keçmişik. Psixoloji gərginlik artıb. Həyat tərzi gərgin vəziyyətə keçib. Burada cəmiyyətə daim zərərli şeylər təbliğ etməkdə olan televiziyaların rolu da böyükdür. Bunlar mənəvi tərəflərdir. Boşanmaların yarıdan çoxunda xəyanət faktoru rol oynayır.

Məsələnin sosial, maddi tərəfləri də var. Bir çox ailələrdə boşanmalar sosial problemlərlə bağlıdır. Kirayələrdə, ağır şəraitdə yaşamağını həzm edə bilməyən bəzi qadınlar ətrafdakıların cah-cəlal içində yaşadığını görəndə hər şeyə inamı ölür. Kişilər isə ailəsini dolandıra bilmədiyindən düşkünləşir, qumara, cinayətə, içkiyə qurşanır, nəticədə ailə dağılır. Ya da ailəsini dolandıra bilmək üçün Rusiyaya üz tutur, ildə bir dəfə ancaq gəlib ailəsinə baş çəkə bilir, nəticədə ailə münasibətləri pozulur.

Bundan başqa, zorakı evləndirmələr, ya da yaşı az olan, həyat təcrübəsi olmayan gənclərin düşünmədən həyat yoldaşı seçməsi kimi hallar da təsir göstərir. İndi insanların xasiyyətləri, zövqləri, arzuları, dünyaya, həyata baxışları, psixologiyası o qədər fərqlidir ki, bir-birinə azacıq da olsa oxşayan 2 nəfər tapmaq az qala mümkün deyil.

Sonsuzluqla bağlı problem də var. Son vaxtlar GMO qidalanma, səhv həyat tərzi, ekoloji və psixoloji problemlər sonsuzluq hallarının sayını artırıb. Əksəriyyəti də uşaqsız ailədə yaşamaq istəmir və boşanır.

Ümumiyyətlə, boşanmaların artmasına həddən artıq çox sayda faktorlar təsir göstərir, lakin onları ümumiləşdirsək deyə bilərik ki, əsas səbəblər belədir- mənəvi deqradasiya, psixoloji-tibbi problemlər və sosial problemlər.

Boşanmanın qarşısını almaq üçün dövlət səviyyəsində bu sahədə bir sıra layihələr həyata keçirilir, lakin təəssüf ki, bunlar kifayət etmir. Əvvəla, cəmiyyətdə mənəvi-psixoloji vəziyyəti sağlamlaşdırmaq üçün təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Lakin təkcə sözlərlə də problem həll olunmaz. Dövlət ailələrin mənzil problemlərinin həllinə kömək etməli, işsizliyi sıfıra endirməli, ailənin qurulmasını, uşaq doğumunu stimullaşdırmaq üçün lazımi adımlar atmalıdır. Əksər ölkələrin təcrübəsindən bunu hamı bilir.

Bundan əlavə, məhkəmələr boşanma prosedurunu asanlaşdırmaq əvəzinə, onu daha da çətinləşdirməlidir. Evlənmə yaşı bir az da qaldırılmalıdır. Evlənənlər tibbi yoxlamadan keçməlidirlər. Bunlar çox vacibdir, həll olunmasa vəziyyət getdikcə pisləşəcək.

Fərhad Mehdiyev. Politoloq


-Boşanmaların qarşısını almaq üçün evlənmə prosedurunu da uzatmaq lazımdır. Evlənən cütlərin mütləq psixoloq intervyusundan keçirmək, psixoloqun uyğun gördüyü şəxsləri məcburi psixolojik məsləhətlərə göndərmək 1-2 ayliq kurs kimi zəruridir.

Yəni cütlük evlənir, ilkin ehtiras gedir və cütlüklərin şəxsiyyəti bir birinə maraqlı gəlmir. Digər səbəb də tərəflərin evlənməkdə məqsədlərinin düzgün müəyyənləşdirə bilməməsi, habelə evlilikdə yaşanan çətinliklərə hazır olmamalarıdır.

Əlbəttə evlənəcək ailə əvvəlcə hesablamalıdır ki öz ayaqları üzərində necə duracaq.

Əgər gənc ailənin öz ayaqları üzrəində durmaq imkanı yoxdursa onda psixoloji xidmət evlənməyi gecikdirməyi tövsiyə etməlidir.

Müstəqil yaşamaq imkanı olmayan ailə adətən ana-atanın yanında qalır. Bu zaman valideynlərin gənc ailəyə davamlı müdaxiləsi qarşı tərəfin ayrılmasına gətirib çıxarır.

Əsəd Qaraqlan. Yazar


-Məncə, dünya özünün ən çoxbilmiş və ən tənhalıq dövrünü yaşayır. Hamı bir-birinin sirrini açıb-tökmək, bir-birindən qaçıb-uzaqlaşmaq istəyir sanki... Hər şey o qədər aydın və ortadadır ki, bu da insanları tənbəlləşdirir və. s.

Bizə gəldikdə isə ailələrin dağılmasının səbəbləri, məncə, aşağıdakılardır:

1. Çətinliklə böyüyən Azərbaycan valideynlərinin bircə düşüncəsi var: gərək övladım mən çəkən əziyyəti çəkməsin və çox gözəl yaşasın. Belə olanda da axırı o övladın cəmiyyətə, ailə həyatına atılmasıyla uğursuz insan həyatı başlayır.

2. Texnologiyanın bu qədər inkişafı insanın özünü də robotlaşdırıb və hisslərini də alıb aparıb. Buna görə də xırda narazılıq ailə dağılması üçün əsl bəhanə olur. Çünki hər kəs rahat və məsuliyyətsiz yaşamaq istəyir ki, bu ad ailə həyatına ziddir.

3. Sosial durumu yaxşı olmayanların yaşadığı daha bir faciə ailələrinin dağılmasıdır. Çox vaxt nə evi, nə normal gəliri olur ki, bu da artıq ailənin dağılması üçün gerçək səbəb olur. Çünki yuxarıdakı bəndlərdə deyilən əsaslarla böyüyən biri çətin şəraitdə yaşamaqla əziyyət çəkir.

4. İnternetin inkişafı da insanların gözünü açır ki, bu insanların çox halda fil qulağında yatdığını, aldadıldığını, ya da gerçək hisslərini yaşamadığını ortaya qoyur. Gerçəklərin gün üzünə çıxmasıyla çox vaxt yaxşı sosial şərait də, başqa səbəblər də arxa plana keçir ki, bu da əksər hallarda ailənin dağılmasına səbəb olur...
Boşanmaların qarşısını almaq üçün dövlət həm mənəvi, həm də maddi tərəfdən yaxşı bir cəmiyyət, mühit yaratmalı, insanların içlərindəki kədəri azaldıb üzlərini güldürməli və gerçək hisslərini onlara qaytarmağa çalışmalıdır ki, bu qədər faciəvi rəqəmlərlə qarşılaşmayaq. Ən çox da insanlar özü bunu düşünməlidirlər...

Fərid Ələkbərli. Professor

-Boşanmalar dünyanın hər yerində olur. Varlı Avropa ölkələrində boşanmalar bizimkindən daha çoxdur. Lakin bizim şəraitdə iş tapa bilməyən, yaxud az qazanan gənclərin ailələrinin dağılması problemi var. Çünki yaşayış standartları kifayət qədər yüksəkdir. Gənclər müasir tələblərə uyğun yaşamaq, mövcud olan bahalı məhsul və xidmətləri istehlak etmək istəyirlər. Lakin həyat göründüyündən mürəkkəb alınır və gənc ailələrin tez bir müddətdə gəlirli iş tapmaq, özlərinə ayrıca ev almaq imkanı olmur. Bir qədər hövsələ və qarşılıqlı yardım lazımdır ki, bu günləri yaşayıb yavaş-yavaş daha yaxşı həyat şəraitinə, qazanca nail olsunlar. O səbr də çox vaxt olmur. Xüsusən də kişilərdən gözləntilər çoxdur, çünkü kişi milli adətlərimizə görə ailəni tam saxlamalı və təmin etməlidir. Bu da mövcud şəraitdə hamıda alınmır. Ona görə gənclərin daha yüksək gəlirli işlə təmin olunmasına qayğı göstərmək lazımdır. Bununla dövlət strukturları məşğul olmalıdır.

Təzə yaranmış ailələrə dövlət tərəfindən maddi və sosial yardımı genişləndirmək, uzunmüddətli kreditlər vermək, onları evlə təmin etmək ölkədə boşanmaların sayını azaldar.

Ailələrin dağılmasında maddi səbəblərdən başqa psixoloji amillər də rol oynayır. Cəmiyyətimizdə avropalaşma prosesleri getdiyindən cavan insanlar, xüsusən, qadınlar xeyli müstəqil olublar və ən gənc yaşlarından başlayaraq istədikləri kimi yaşamaq, işləmək və karyera qurmaq arzusundadırlar. Özü özlüyündə bu, pis deyil. Lakin yeni tendensiyalar köhnə adət-ənənələrlə toqquşduğundan gənc ailələr arasında bəzən anlaşılmazlıq olur.

Yeni və köhnə nəsil nümayəndələrinin, evlənən gənclərin öz valideynləri, qaynana-qaynataları, qohum əqrabaları ilə anlaşılmazlıqları da olur.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap