header

 Məhbuslardan gələn yeni xəbərlər ürəkaçan deyil

İntiqam Əliyevin məktubları senzuradan keçirilir; məhkəmədə çəkilən şəkillərinə görə Orxan Əyyubzadə təkadamlıq kameraya salınıb

Ölkəmizdə siyasi məhbusların vəziyyəti elə də ürəkaçan deyil. Artıq onların bəzilərinin ya məhkəmələri bitib, ya davam edir, ya da, istintaq dövrüdür. Məhbusların son durumları ilə maraqlandıq.

Hüquq müdafiəçisi İntiqam Əliyevin  vəkili Anar Qasımlı təcridxanada olan problemlərdən danışdı: “İntiqam bəy yazdığı şikayətini əsasən, təkliflər üzərində qurmuşdu. Kamerada 24 saat işığın yanması, aparılan ərzaqların saxlanılması üçün soyuducunun olmaması kimi problemlər var. İntiqam bəy özündə təkliflər əks etdirən məktubla  Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə müraciət etmişdi. Dünən İntiqam bəylə görüşdüm. Görüşümüz əsasən alınan sənədlərlə bağlı idi. Avropaya göndərəcəyimiz şikayətlər hazırda tərcümə olunur. Apellyasiya Məhkəməsindən hələ qərarı bizə verməyiblər”.

Vicdan məhbusunun qızı Nərmin Əliyeva atası ilə bağlı xəbərlərin ürəkaçan olmadığını bildirdi: “Atam təcridxanada mənəvi təzyiqlərlə üzləşir. Hətta iş o yerə çatıb ki, vəkillərinə və müvafiq orqanlara yazdığı məktublar belə ciddi senzuradan keçirilir. Bunlar tam ədalətsizlikdir”.

 

 

Onu da qeyd edək ki, Nərmin Əliyeva tərəfindən Facebook sosial şəbəkəsində “İntiqam Əliyev üçün həbsxanaya hərəyə bir dəstək məktubu və kitab göndərək” kampaniyasına başlanılıb. Buna səbəb vicdan məhbusunun təcridxanadan bədii, fəlsəfi və siyasi kitablar istəməsidir. Eventə qoşunların sayı günbəgün artmaqdadır. Artıq dünyanın hər yerindən İntiqam bəy üçün dəstək məktubları və kitablar gəlir. Kitablar ingilis və rus dillərindədir.

Müsavat başqanının müavini, vicdan məhbusu Tofiq Yaqublunun Apellyasiya Məhkəməsi yekunlaşmaq üzrədir. Bu barədə musavat.com-a onun vəkili Nemət Kərimli məlumat verib:

  “Tofiq bəyin son durumu normaldır. Heç nədən şikayəti yoxdur. Artıq məhkəmələrimizdə qəribə bir tendensiya yaranıb. Göstərilən sübutları məhv edirlər. Növbəti məhkəmə ayın 17-nə təxirə salınıb. Böyük ehtimalla son məhkəmə olacaq. Proseslər ona doğru gedir”.

Müsavat başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqovun saxlanma şəraiti ağır olaraq qalmaqdadır. Bu barədə onun Hüquqları Müdafiə Komitəsinin sədri Elman Fəttah məlumat verib: “Yadigar bəyin saxlandığı yer heç bir standartlara cavab verməyən bir yerdir. Görüş verilməsi, yemək keçirilməsində elə də ciddi problem yoxdur. Ailəsi ilə bir dəfə 3 günlük görüş əldə edib. Əsas çatışmayan məsələlərdən biri mətbuatdan təcrid olunmasıdır. “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin göndərilməsinə baxmayaraq, ala bilmir. Bu dəfə görüşə getdiyimiz zaman özümüzlə qəzetlər aparacağıq. Səhhəti normal, əhval-ruhiyyəsi yerindədir”.

Elman Fəttah Yadigar Sadıqovun sentyabrın 27-də keçiriləcək Müsavat qurultayında Məclisə namizədliyini verdiyini və seçicilərdən səs istədiyini də qeyd etdi: “Qurultayla ciddi maraqlanır. Məclis üzvlüyünə namizədliyini verib. Bütün qurultay nümayəndələrindən Məclisə seçilmək üçün səs istəyir”.

 

Sentyabrın 4-də məhkəməsi keçirilən gənc siyasi fəal Orxan Əyyubzadə məhkəmə zamanı çəkilən şəkillərinə görə, təcridxana rəhbərliyi tərəfindən 15 günlük təkadamlıq kameraya salınmaqla cəzalandırılıb. Gənc fəal məhkəmədən aparılarkən yaxınları və əqidədaşları ilə əl etməklə sağollaşması cəza verilməsinin başlıca səbəblərindən biri olub. Orxan Əyyubzadəni təcridxanaya aparan əməkdaşlar rəhbərliyə ondan şikayət ediblər. Nəticədə o, təkadamlıq kameraya salınıb. Bu barədə məlumatı gənc fəalın anası Rəhimə Məmmədova yayıb.

Cavanşir ABBASLI      

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap