header

 İran-Azərbaycan münasibətlərini kim pozmaq istəyir?

Prezident Administrasiyası, XİN və Müdafiə Nazirliyi İsrail qaynağının məlumatına kəskin təpki verdi və qəti təkzib etdi;Yerli təhlilçilər də hadisədə iki ölkə münasibətlərini korlamaq istəyənlərin kobud “əl işi”ni görür..

Prezident Administrasiyası, XİN və Müdafiə Nazirliyi İsrail qaynağının məlumatına sərt təpki verdi və qəti təkzib etdi; yerli təhlilçilər də hadisədə iki ölkə münasibətlərini korlamaq istəyənlərin kobud “əl işi”ni görür...
Avqustun 23-də İran səmasında, Natanz Nüvə Mərkəzi üzərində kəşfiyyat apararkən vurulmuş pilotsuz təyyarənin Azərbaycandan havaya qalxdığı barədə iddialar rəsmi Bakı tərəfindən qəti şəkildə təkzib olunub.
Məsələyə münasibət bildirən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov virtualaz.org-a deyib ki, bu, bəzi xarici dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır.
Onun sözlərinə görə, işğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə öz münasibətlərini qarşılıqlı etimad, səmimilik, dostluq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurub: “Bu ilin aprelində prezident İlham Əliyevin İrana rəsmi səfəri yüksək səviyyədə keçib, qonşu ölkənin rəhbərləri ilə görüşlərdə ikitərəfli münasibətlər kompleks şəkildə müzakirə olunub, əvvəlki dövrdə mövcud olan bütün problemlərə aydınlıq gətirilib və sual doğura biləcək heç bir məqam qalmayıb. Görünür, belə vəziyyət bəzi xarici dairələri narahat edir və bu tipli informasiyalar Azərbaycanın qonşuları ilə, o cümlədən İranla münasibətlərini korlamaq üçün bilərəkdən dövriyyəyə buraxılır”.
“Təxribat xarakterli informasiyanı təkzib edirik. Yayılan məlumatları yaxın qonşularla münasibətləri korlamağa cəhd kimi qiymətləndiririk”. Bunu isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bəyan edib. Dərgahlının fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədilə yayılıb: “Bu tipli pilotsuz uçuş aparatları Azərbaycanın Silahlı Qüvvələrində yoxdur”.
“Azərbaycanın İranla tarixi, mədəni bağlantıları var. Azərbaycan qonşu dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Heç bir 3-cü tərəf qonşu ölkələrlə münasibətlərimizə xələl gətirə bilməz”. Bu fikirlər isə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevə məxsusdur. (axar.az) Nazirlik rəsmisi onu da bildirib ki, İranın Azərbaycandakı səfiri ilə qarşılıqlı məsləhətləşələr aparılır: “Məsləhətləşməyə gəlincə, bu, təkcə indi yox, mütəmadi olaraq aparılır. Bizim əsas prioritet istiqamətlərimizdən biri də qarşılıqlı, bərabərhüquqlu münasibət qurmaqdır. Hazırda İranla Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.
Virtualaz.org xəbər verir ki, təyyarənin Azərbaycanda qalxdığı barədə iddiaları neçə gündür dövriyyəyə buraxan İsrail və Qərb dairələri bu gün daha da irəli gedərək “konkret detallar” təqdim ediblər. İsrailin kəşfiyyat xidməti “Mossad”a yaxınlığı ilə bilinən “Debkafile” saytı xəbər verir ki, İranda vurulan təyyarə həqiqətən “Hermes 450"dir və Azərbaycanın Naxçıvan bölgəsində yerləşən aviabazadan qalxıb. Sayt məlumatı İsrail hərbi qaynaqlarından və İrandakı mənbələrdən əldə etdiyini yazır. Bildirilir ki, İranın aviasiya ekspertlərinin və xüsusi xidmət əməkdaşlarının apardıqları araşdırmalar İnqilab Keşikçiləri Korpusunun komandirlərinin təyyarənin Səudiyyə Ərəbistanından qalxdığını bildirərkən tələsdiklərini müəyyən edib. Sayt Naxçıvanın İran, Türkiyə və Ermənistanla həmsərhəd olduğunu, üç il əvvəl Azərbaycanın İsraildən aldığı ”Hermes 450" təyyarəsini Qarabağda kəşfiyyat aparmaq üçün istifadə etdiyini, ancaq təyyarənin vurulduğunu bildirir. “Debkafile” yazır ki, İsrailin İrandan 1100 kilometrlik hava məsafəsinin olduğunu nəzərə alan israilli hərbi analitiklər İnqilab Keşikçiləri Korpusunun təqdim etdiyi görüntülərdəki təyyarə qalıqlarının “Hermes 450"yə aid olmadığını, həmçinin onun İsrailə məxsus olmadığını deməklə səhvə yol veriblər. Analitiklər hesab edirlər ki, İsrailin çoxsaylı casus peykləri şəbəkəsinə malik olduğu bir vaxtda məxfi informasiya sistemləri ilə təchiz olunmuş təyyarəni İranın hava sahəsinə göndərməyə ehtiyacı yox idi. ”Lakin bu iradlar heç bir tənqidə davam gətirmir. 
“Debka”nın hərbi qaynaqları bildirir ki, “Hermes 450" təchiz olunduğu foto və videokameralar sayəsində yüksək keyfiyyətlə rəngli təsvirlər çəkə bilir. Təyyarənin kameraları istənilən hava şəraitində işləməyə imkan verir. İranın müdafiə naziri Hüseyn Dehqan təyyarənin haradan qalxdığını göstərmədən deyib ki, onun ölkəsi fələstinlilərə silah göndərməklə bunun qisasını alacaq. Bizim mənbələrimizin bildirdiyinə görə, Tehranın bu qarışıq reaksiyası bir neçə həftədən bir Naxçıvandan qalxan pilotsuz kəşfiyyat təyyarələrinin İranın nüvə obyektləri üzərində uçuşlar keçirməsi qarşısında çarəsizliyi ilə bağlıdır. Pilotsuz kəşfiyyat təyyarələri radiasiya səviyyəsini ölçərək İranda uranın zənginləşdirilməsi proqramına dair dəqiq məlumatlar toplayır” deyə sayt yazır.
“Debka” bildirir ki, İran iki ildir bu pilotsuz təyyarələri vurmağa, yaxud elektron vasitələrlə endirməyə çalışırdı, ancaq uğur əldə edə bilmirdi. Bu həftə baş verən insident isə istisnadır. İran təyyarəni yer-hava raketi ilə vurub. Sayt qeyd edir ki, İran təyyarənin Stels texnologiyasına malik olduğunu deməklə bu uğursuzluğunu ört-basdır etməyə çalışırdı. “Əslində isə təyyarə Stels texnologiyasına malik deyil və Naxçıvandan qalxandan sonra İranın hava məkanında 300 kilometr irəliləyib, yalnız bundan sonra hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanıb”, - deyə sayt bildirir.
*   *   *   *
Ortaya çıxan qənaət budur ki, İsrail çevrələri açıq-aşkar İranı Azərbaycana qarşı qoymaq istəyir və bunun hansı məqsəd güddüyünə dair bir çox mülahizələr ola bilər. Bu arada İran bəyan edib ki, pilotsuz kəşfiyyat təyyarəsinin ölkənin hava məkanına soxulmasına görə İsrailə hərbi yolla cavab veriləcək. “Fars” agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun komandanı, briqada generalı Hüseyn Salami avqustun 26-da Tehranda “Bəsic” şəhidlərini anma mərasimində çıxışı zamanı deyib: “Bizim bu təcavüzə cavabımız  diplomatik olmayacaq, biz düşmənin cavabını döyüş meydanında verəcəyik, ancaq bu haqda əvvəlcədən elan etməyəcəyik”. Salami bildirib ki, pilotsuz təyyarə yəhudi dövlətinin ərazisindən yox, İsrailə qonşu olan ölkələrdən birindən havaya qalxıb. Lakin onun sözlərinə görə, təyyarənin İsrailə məxsus olmasına heç bir şübhə yoxdur. İran təyyarənin Azərbaycandan qalxdığına dair İsrail və Qərb dairələrinin ortaya atdığı iddialara hələ münasibət bildirməyib.
İran Silahlı Qüvvələrinin baş qərargah rəis müavini Seyid Məsud Cəzairi ölkəsində məhv edilən təyyarənin keçmiş sovet respublikalarının birindən havaya qalxdığını deyib. İsrailin xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən  media orqanı iddia edir ki, Azərbaycan Qarabağda kəşfiyyat məqsədi ilə həmin təyyarələri İsraildən alıb.
 
*   *   *


Politoloq Vəfa Quluzadə yayılan məlumatın səhihliyinə inanmır: “Mən inanmıram ki, İran səmasına Azərbaycan ərazisindən pilotsuz kəşfiyyat təyyarəsi buraxılsın. Çünki Azərbaycan bilir ki, İran bu cür məsələlərə nə qədər həssasdır və münasibətlərə xələl yetirmək olmaz. Odur ki, İsrail mənbəsinin iddiasına da inanmıram. Bəlkə bu, başqa dövlətlərin kəşfiyyat məlumatıdır və aranı qarışdırmaq istəyirlər. Hər halda, Azərbaycanla İranın münasibətini korlamaq İsrailin də xeyrinə deyil. Çünki belə bir addım Azərbaycanın mənafeyinə zidd olardı. Digər tərəfdən, Azərbaycanda İsrailin hərbi bazası yoxdur ki, buradan pilotsuz təyyarə uçurulsun”.
Quluzadə bu məsələdə Azərbaycan izinin axtarılmasını mənasız sayır: “İsrailin özü elə İran ərazisinə yaxın məsafədədir. Gərək Azərbaycan İranla müharibə vəziyyətində olsun ki, buna icazə versin. Ola bilər bu, Azərbaycanla İranı üz-üzə qoymaq istəyənlərin əməlidir. Hər halda, bu, Azərbaycanın əleyhinə yönəlmiş əməliyyatdır”.
*   *   *


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun da məsələyə maraqlı yanaşması var: “Əlbəttə, İsrailə aid pilotsuz təyyarənin İran səmasında vurulması ilk növbədə bu sualı gündəmə gətirir ki, vurulan təyyarə hansı ölkədən havaya qalxıb? Çünki bu təyyarənin İsraildən qalxaraq İran səmasına yetişməsi problematikdir. Bəziləri Azərbaycanda, şübhələnib ki, guya bu təyyarə Azərbaycandan qalxa bilərdi. Bu şübhəni irəli sürənlər İsrailin Azərbaycana bir neçə pilotsuz təyyarə satdığını irəli sürürlər. Bu versiyaya inanmıram. Birincisi, Azərbaycanın İranın nüvə obyektləri haqqında məlumat toplamaq kimi dərdi yoxdur. Bu, daha çox ABŞ və İsraili maraqlandırır. İkincisi, rəsmi Bakı onsuz da İranla münasibətlərdə ehtiyatlıdır, Qərbin İrana qarşı planlarında yer almır. Belə olan halda Azərbaycan İran səmasına niyə pilotsuz təyyarə göndərməlidir ki?” 
E.Şahinoğlu bir məqama da diqqət çəkdi: “Heç iranlı rəsmilər də Azərbaycanın adını çəkmirlər. Çünki onlar da anlayırlar ki, rəsmi Bakı bu cür riskli oyuna getməz. Digər tərəfdən, İsrailin və ABŞ-ın Azərbaycanda hərbi bazaları da yoxdur ki, buradan İran səmasına pilotsuz təyyarə buraxsınlar. Mən az səsləndirilən başqa bir variantın üzərində dayanmaq istərdim. Həmin pilotsuz təyyarə Şimali İraqdan havaya qaldırıla bilərdi. Bəllidir ki, İraqın şimalındakı kürd liderlərlə İsrailin çox sıx münasibətləri var. İsrail illərdir kürdlərə silah ötürür, oradan isə kəşfiyyat məlumatları əldə edir. Təsadüfi deyil ki, İsrail rəsmiləri Şimali İraqın ”müstəqilliyini" tanıyacaq ilk ölkə kimi açıqlama vermişdilər. Ona görə də İsrailin pilotsuz təyyarəni məhz İraqın şimalından İranın səmasına göndərdiyini istisna etmirəm".
*   *   *   *
Yeri gəlmişkən, avqustun 28-də ABŞ Müdafiə Nazirliyi ölkə donanmasına aid bir patrul gəmisinin İran gəmisinə atəş açdığını açıqlayıb. Açılan atəş nəticəsində gəmiyə hər hansısa zərərin dəyib-dəymədiyi məlum olmasa da, Pentaqonun açıqlamasında İran gəmisinin ABŞ patrul gəmisinə silah tuşladığı və buna görə onlar tərəfindən atəş açıldığı qeyd edilir. Bu barədə İranın “Fars” xəbər agentliyi də məlumat yayıb. Pilotsuz gəminin vurulmasının ardınca İran gəmisinə atəş açılması, hər halda, böyük bir savaşın simptomları da sayıla bilər. Belə görünür ki, ABŞ-İran anlaşması barədə deyilənlər, İranın dondurulan bank hesablarının açılması aldadıcı məsələlərdir və istənilən vaxt bölgədə böyük gərginlik ocağı çatıla bilər. Azərbaycanın adının isə bu məsələdə hallandırılması heç də təsadüfə oxşamır.(Yeni Musavat)
Prezident Administrasiyası, XİN və Müdafiə Nazirliyi İsrail qaynağının məlumatına kəskin təpki verdi və qəti təkzib etdi;Yerli təhlilçilər də hadisədə iki ölkə münasibətlərini korlamaq istəyənlərin kobud “əl işi”ni görür..
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap