header

 Sünni-şiə qardaşlığı

imam Xomeyni: Mən Ayətullah Bürucerdini öyrənirəm. Onda həqiqətdan başqa bir şey görməmişəm!

Müsəlman toplumunda vəhdət və ittifaq ayə və rəvayətlərdə ciddi tövsiyə olunmuş mövzulardandır. Bir çox rəvayətlərdə şiələrə tapşırılır ki, digər məzhəb əhli ilə xoşrəftarlı olsunlar. Məsum imamlar bu mövzuya o qədər əhəmiyyət verib ki, şiələrin sünnə əhlinin namazında iştirakını tapşırıb. İmam Sadiq (ə) buyurur: “Kim sünni qardaşı ilə birinci sırada yanaşı namaza dayanarsa sanki Peyğəmbərin (s) arxasında namaza dayanıb.”
Mərhum Ayətullah Bürucerdi müasir dövrümüzdə məzhəblərin yaxınlaşması istiqamətində öncül alimlərdən olub. Ayətullah Bürucerdinin fəaliyyətləri o qədər təsirli olub ki, Misir Əl-Əzhər müftisi Şeyx Mahmud Şəltut öz tarixi bəyanatında 12 imamçı şiə məzhəbini rəsmi məzhəb olaraq tanıyıb. Bu kiçik yazıda Ayətullah Bürucerdinin məzhəblərin yaxınlaşması istiqamətində fəaliyyətlərinə nəzər salacağıq.
Mərhum Ayətullah Bürucerdi sünni fiqhini gözəl bilib və məzhəblərin yaxınlaşması üçün təlaş göstərib. Ayətullah Seyid Əbül-Həsən İsfahanidən sonra hamı tərəfindən mərceiyyəti qəbul olunmuş son müctehid Ayətullah Bürucerdi olub. Ayətullah Bürucerdi imamiyyə fiqhi ilə yanaşı sünni fiqhinin bilicisi olub. Şəmsi 1370-ci ildə (23 il öncə) Ayətullah Bürucerdiyə həsr olunmuş həftəlik nəşriyyədə Ayətullah Safi buyurur: “Ayətullah Bürucerdi digər məzhəblərin hökmünü gözəl bilirdi. Böyük alim 4 məzhəblə yanaşı səhabə və fəqihlərin fiqhi biliklərindən xəbərdar idi. Böyük alimlər arasında olan fikir ayrılıqları Ayətullah Bürucerdiyə məlum idi. Ayətullah Bürucerdi sünni fiqhini elə bilirdi ki, sünnə alimləri onunla görüşəndə onu özlərindən üstün sayırdılar.”
Ayətullah Safi sözünə belə davam edir: “Bir rəvayəti onun yarandığı dövr və şəraitdən xəbərsiz araşdırdıqda zahiri mənasını qəbul edirik. Dövr və şəraitdən xəbər tutduqda rəvayətlə bağlı fikrimizin dəyişməsi mümkündür. Məsələn, mən bu məclisdə bir söz deyəndə məclisdəkilər məclisin fəzasına uyğun onu mənalandırır. Amma bu söz məclisdən bayıra çıxdıqda fəzadan xəbərsiz insanlar onu başqa şəkildə anlaya bilər. Ayətullah Bürucerdi nəql olunmuş rəvayətlərin fəzasından xəbərdar idi. Təbii ki, bu şərtlər bütün xəbərlərə aid deyil. Amma adətən xəbərin düzgün başa düşülməsi üçün fəza və şəraiti bilmək lazım gəlir.”
Təbii ki, bu şərtlər bütün xəbərlərə aid deyil. Amma adətən xəbərin düzgün başa düşülməsi üçün fəza və şəraiti bilmək lazım gəlir. Bu fikirdə idi ki, imamların müasiri olmuş sünni alimlərinin fitvalarını bilməklə imamların buyuruqlarını daha asan dərk etmək olar. Çünki bunlar əlaqəsiz hadisələr deyil. Mərhum alim buyururdu: “Şiə fiqhi sünnə əhli fiqhinin haşiyəsindədir.” Demək, həmin dövrdə sünni alimlər fitva verər, insanlar bu fitvalar barədə imamlardan soruşardılar. İmamlar həmin fitva ilə bağlı cavab verərdilər. Bu müddəanın sübutu odur ki, bir çox şiə rəvayətləri sual-cavab formasındadır. Sadə insanların bu qədər dəqiq sual verməsi inandırıcı görünmür. Aydın olur ki, şiə fiqhinin açıqlandığı rəvayətlərdə sual cavablar elm əhli tərəfindən tərtib olunub. Onlar dövrün məşhur sünni fəqihlərinin fitvaları barədə imamlara sual verir, onlardan cavab alırmışlar.
Kuleyninin müasiri olmuş Əbu Əmr Kəşi “Ricali-Kəşi” kitabında İmam Baqir (ə) və İmam Sadiqin (ə) müasiri olmuş Zərarə, Məhəmməd ibn Müslim, Cəmil Dərrac kimi şəxslərin adını çəkir. Bu adamlar 4 sünnə imamından olan Əbu Hənifənin səhabələridir. Bu şəxslər məsum imamların çağırışları ilə Əhli-Beyt məktəbinə qatılmış, öz suallarına imamlardan aldıqları cavabları xalq arasında yaymışlar.
Ayətullah Bürucerdi sünnə alimlərinin fitvalarına müraciəti fiqhin müqəddimələrindən sayaraq buyurur: “Qədim alimlər sünni alimlərin fitvalarını öz dərslərində bəyan edər və iradlarını bildirərdilər. Şəhid Saninin dövrünə qədər bu üsul davam edib. Hətta şəhid Sanidən sonra bu üsula müraciət edənlər olub.” Tələbələr və fəqihlər Ayətullah Brucerdinin bu üsulu ilə tanış olduqları zaman Qum və Nəcəf hövzələrində həmin üsuldan faydalanıblar.
Ayətullah Bürucerdi bu üsulun düzgünlüyünə dəlil olaraq Şeyx Müfid, Şeyx Mürtəza, Şeyx Tusidən misallar çəkib. Alim Şeyxut-Taifə adı ilə tanınan Şeyx Tusiyə öz sevgisini göstərərək öz dərslərinə onun kitablarını gətirərdi. Ayətullah Bürucerdi buyurur: “Şeyx Tusi bəzi kitablarını (“Məbsut”, “Xəlaf”) bütün İslam dünyası, bəzi kitablarını (“Nəhayə”) şiələr üçün yazmışdı.
Ayətullah Bürucerdi bu fikirdə idi ki, fiqhi araşdırmalarda sünnə əhlinin rəyini bilmək lazımdır. Şiə müddəaları sünni müddəaları ilə müqayisə olunmalıdır. Sünni fiqhi kitab və sünnədən əlavə qiyas və icma kimi mənbələrə əsaslanır. Əksər hökmlər ayə və rəvayətlərdən çıxarılıb. Buna görə də mərhum alim hökmlərin müqayisəsini və lazım gəldikdə tənqidini faydalı sayıb. Ayətullah Brucerdi sünni mənbələrinin bir qrup tərəfindən saxta şəkildə yaradılması fikrini qətiyyətlə rədd edirdi.
Digər məzhəb fiqhləri ilə tanışlığın başqa bir faydası təqiyyə sahəsində köməyimizə gəlir. Şiələrin bəzi hökmləri təqiyyəyə əsaslanır. Təqiyyə dedikdə zəruri şəraitdə əqidəni gizlətmək nəzərdə tutulur. Təqiyyə şəraitində zərurət əsasında vəzifə əvəz olunur. Şiə dünya və axirət mənafelərini qorumaq üçün belə bir addım ata bilər. Quran və hədis insanı düşüncəyə çağırır və təqiyyə düşüncəyə əsaslanan bir hadisədir. Quranda Əmmar Yasərin öz əqidəsini müşriklərdən gizlətməsi məqbul sayılır. Eləcə də Ali-Firon mömininin təqiyyəsi qəbul edilir. Əgər o öz imanını açıqlasaydı şübhəsiz qətlə yetirilərdi və risalətini, missiyasını həyata keçirə bilməzdi. Bəzi rəvayətlər təqiyyə fəzasında, müxaliflərin hüzurunda bəyan olunub. Sünni fiqhi ilə tanış olduqda təqiyyə rəvayətlərini başa düşmək asanlaşır.
Ayətullah Bürucerdinin ən mühüm fəaliyyətlərindən biri Misirdə yaradılmış Darut-Təqrib təşkilatını himayə etməsi olub. Darut-Təqrib bərəkətli ömrünü məzhəblərin yaxınlaşmasına sərf etmiş Şeyx Məhəmmədtəqi Qummi tərəfindən təsis edilib. Şeyx Məhəmmədtəqi Qummi bir çox müasirləri kimi məzhəblər arasındakı təfriqələrdən üzülürdü. O məzhəbləri yaxınlaşdırmaq, təfriqəni aradan qaldırmaq üçün daim fəaliyyətdə idi. Əksər ideyaların arxasında hansısa təkanverici hadisə dayanır. Şeyx Məhəmmədtəqi Qummini məzhəblərin yaxınlaşmasına (təqrib) sövq edən maraqlı bir hadisə var. Ərəbistanda Həcc ziyarətində olan bir iranlının vəziyyəti pisləşir. Ərəb dilini bilmədiyindən polislər onun Kəbəni təhqir etdiyini düşünür. Beləcə bu şəxsin edamı üçün hökm verilir. Bu hadisədən sonra Şeyx Məhəmmədtəqi Qummi bir növ qollarını çırmayıb meydana daxil olur. Fədakar alim ərəb dilini kamil şəkildə öyrənib Misirə yola düşür. O zaman Əl-Əzhər universitetinin rəisi olmuş Şeyx Məhəmməd Mustafa Maraği ilə görüşür. Öz nigarançılıqlarını Şeyxin nəzərinə çatdırır. Həmin dövrdə Misirdə vəziyyət sıxıntılı olduğundan Şeyx Maraği məsələyə ehtiyatla yanaşır, amma sonradan məzhəblərin yaxınlaşması istiqamətində dəyərli addımlar atır.
İkinci dünya müharibəsi başlayanda Şeyx Qummi Misiri tərk etməyə məcbur olur. O İranda Ayətullah Bürucerdi ilə görüşüb ondan bu böyük məqsəd yolunda yardım istəyir. Ayətullah Bürucerdi Şeyx Qummini diqqətlə dinləyib onun fəaliyyətlərini ciddi şəkildə himayə etməyə başlayır.
1946-cı ildə ikinci dünya müharibəsi başa çatandan sonra Şeyx Qummi yenidən Misirə qayıdır və təqrib – məzhəblərin yaxınlaşması fəaliyyətlərini daha qətiyyətlə davam etdirir. Allahın yardımı ilə Şeyx Qummi 1947-ci ildə Darut-Təqrib təşkilatını yaratmağa müvəffəq olur. Onu həm Ayətullah Bürucerdi, həm də Əl-Əzhər universiteti himayə edir. Darut-təqrib təşkilatının təsisçiləri: Şeyx Məhəmmədtəqi Qummi, Şeyx Əbdül Məcid Səlim, Şeyx Mahmud Şəltut, Şeyx Əbdül-Əziz İsa, Şeyx Həsən Bənna, Ayətullah Məhəmməd Hüseyn Ali Kaşiful-Ğita, Ayətullah Əbdül-Hüseyn Şərafəddin Musəvi, Məhəmməd Əli Paşa.
Ayətullah Bürucerdi Darut-Təqribə maliyyə yardımı da göstərirdi. Ayətullah Vaizzadə deyir: “Əslən İsfahandan olan, Tehranda yaşayan cənab Seyid Cəmaləddin Mirdamadi elmdə tanınmış şəxslərdən, Şeyx Məhəmmədtəqi Qumminin keçmiş dostlarından idi. O nəql edir ki, mərhum Ayətullah Bürucerdi Darut-Təqrib və Risalətul-İslam jurnalına kömək edirdi. Bir gün Ayətullah Brucerdinin vəkili Hacı Abasqulunu Tehranda gördüm. Dedim ki, cənab Qummi Qahirədə xidmət edir, pul versə, ona göndərərəm. Dedi ki, Ayətullah Bürucerdi icazə versə bu işi görərəm. Bir neçə gün sonra onunla yenidən rastlaşdıq. Dedi ki, Ayətullah Bürucerdi buyurdu ki, mənim adımı çəkmədən həm özün pul ver, həm də başqalarını bu işə təşviq et. Düşünürəm ki, şəmsi 1340-cı ildə Ayətullah Bürucerdinin vəfatı Darut-Təqrib və Risalətul-İslam jurnalının bağlanmasnın əsas səbəbi oldu.”
Ayətullah Bürucerdinin sünni alimlərlə xoş münasibəti vardı. Qəməri 1370-ci ildə xəstələnmişdi. Əl-Əzhər şeyxi Əbdül-Məcid Səlim ona məktub yazıb, Allahdan şəfa diləmişdi. Ayətullah Bürucerdi də ona təşəkkür məktubu yazdı.

                                                                                                       

 

 

Ayətullah Bürucerdinin sünni alimlər, xüsusi ilə Əl-Əzhər şeyxləri ilə isti rabitəsi səbəb oldu ki, Şeyx Mahmud Şəltut tarixi fitvasını verdi və Əhli-Beyt mədrəsəsi fəaliyyətə başladı. Şeyx Şəltut Ayətullah Bürucerdiyə məktubunda bu barədə şərh verir:

Bismillahir Rəhmanir Rəhim
Əziz qardaşım imam Bürucerdi! Salamullah ələykum və rəhmətəhu.
Öncə sizə sağlamlıq arzulayıb dua edirəm ki, müsəlmanların vəhdətində bərəkət çeşməsi olasınız, Allah ömrünüzü artırsın, xeyir işlərinizi çoxaltsın.
Əllamə ustad Qumminin səfərindən istifadə edib, sizə bu məktubu göndərirəm. Zəhmətlərinizə yüksək dəyər verirəm, Allahdan istəyirəm ki, müsəlmanlar üçün xoş arzularınız həyata keçsin. Müsəlmanların vəhdəti yolunda hikmətli təlaşlarınız uğur qazansın.
Sizə müjdə verirəm ki, böyük diqqət verdiyiniz işlər Allahın yardımı və dualarınızla uğur qazanır. Əl-Əzhərdəki ən üstün alimlərimiz təqrib işində cihad aparır, öhdələrinə düşən vəzifəni yerinə yetirirlər.
Ümid edirəm ki, əzizimiz cənab Qummi tezliklə geri qayıdacaq və sizinlə bağlı xoş xəbərlər gətirəcək. Müştərək arzularımızın reallaşmasında fikirlərinizlə tanış olacağıq. Mən ona bir çox məsələlər barədə danışdım və xahiş etdim ki, bu məsələləri sizə çatdırsın. Allah öz razılığı olan işlərdə bizi sizə yoldaş etsin, qəlb bağlılığımızı gücləndirsin.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh, Mahmud Şəltut.

Mahmud Şəltut Cəfəri şiə məktəbinin banisi imam Sadiqin (ə) mövlud günü fitva verərək imamiyyə şiə məzhəbini rəsmi məzhəb olaraq tanıdı. Bu fitva barədə Ayətullah Mirza Xəlil Kəmrei yazır: Misir səfərində Əl-Əzhər universitetinin rəisi Şeyx Mahmud Şəltutla görüşdə Şeyx mənə dedi: “Mən 30 il olar ki, imamiyyə fiqhini araşdırıram. Amma Misirin istismar zəncirindən qurtulduğu son illərədək şiə fiqh kitablarını əldə edə bilməmişəm. Yalnız Süveyş kanalının fəthindən sonra şiə fiqh kitabları əldə edə bildim. Şiə fiqhi ilə tanış olandan sonra bu fitvanı verdim.”
Livanlı Əllamə Şeyx Məhəmməd Cavad Muğniyədən nəql olunur ki, Misir səfərində Əllamə Şəltutdan Cəfəri məzhəbi ilə bağlı fitvası haqqında soruşdum. Buyurdu: “Mən bəzi fiqhi müddəaların isbatı üçün şiə fiqhinə üz tutdum və bu fiqhin güclü dəlillərə malik olduğunu gördüm. Bu əsasla şiə məzhəbinin qanuni məzhəb olması ilə bağlı fitva verdim. Mən özüm bəzi hökmləri Cəfəri fiqhi əsasında vermişəm.” Sonra üzünü məclisdəki alimlərə tutub dedi: “Şiə kitablarını diqqətlə oxuyun.”

Şeyx Şəltutun fitvasından öncə belə bir sual verilir: “insanlar bu fikirdədir ki, müsəlman şəxs ibadət və müamilələri düzgün olsun deyə 4 məzhəbdən birinin hökmlərinə tabe olmalıdır. Bu 4 məktəb arasında imami şiə və zeydi şiə adları yoxdur. Sizin bu barədə fikriniz nədir?
Şeyx Şəltutun cavabı (fətvası): “İslam qanunları heç bir şəxsə hansısa məktəbə tabe olmaq əmri verməyib. Hər bir müsəlman düzgün saydığı məktəbin hökmlərinə tabe ola bilər. 4 məktəbdən birinə tabe olan şəxs başqa məktəbə keçə bilər. 12 imamçı şiə məzhəbi adı ilə tanınan cəfəri məktəbi elə bir məktəbdir ki, bu məktəbə tabeçilik sünnə əhlinin məktəblərinə tabeçilik kimi icazəlidir. Müsəlmanlar bu həqiqəti qəbul etməli, təəssüb üzündən bir məktəbə qarşı olmamalıdır. Allahın dini və şəriəti bir məktəbin qanunları ilə məhdudlaşmır. Bütün məzhəb sahibləri ictihad etmişlər və ictihadları Allah dərgahında məqbuldur. İctihad etməmiş şəxs düzgün saydığı məktəbə tabe olub, bu məktəbin fiqhi hökmlərini yerinə yetirə bilər.

imam Xomeyni: Mən Ayətullah Bürucerdini öyrənirəm. Onda həqiqətdan başqa bir şey görməmişəm!
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap