header

 Hökumət narkotiki necə himayə edir

 


Ərdəbil Məhde Təşəyyo -  Bəli, bu ölkədə narkotiki qramla, bəzən hətta kiloqramla satanlar, tranzitini təşkil edənlər həbs olunur, tonlarla satanlar, tranzitini təşkil edənlər isə yox. İrandan Azərbaycana keçirilmiş, Azərbaycanda yenidən emal olunaraq qablaşdırılıb Gürcüstana keçirilmiş 3 tona yaxın heroinin qonşu ölkədə tutulmasından bir aydan artıq vaxt ötür. Nəinki bu nəhəng cinayətdə iştirak edən bir nəfər belə həbs edilməyib, heç xalqa izahat da verilməyib. 
Necə olub ki, bir dəfəyə 3 ton heroin ölkəyə daxil olub, amma heç bir dövlət orqanı bunu “görə bilməyib”; Azərbaycanda emal olunub (deməli, ölkəmizdə, müvafiq sex də fəaliyyət göstərir), yenə heç bir dövlət orqanı “xəbər tutmayıb”; Yenidən Gürcüstan sərhədindən keçirilib, yenə heç kim “görməyib”. Necə ola bilər bu? Hanı bizim möhtəşəm sərhəd xidməti? İnhisarçının razılığı olmadan ölkəmizə 3-5 kq. yağı, əti, bananı, xurmanı və s. belə buraxmayan “iti gözlü” gömrük xidməti necə oldu ki, bu böyüklükdə yükü görmədi? Xaçmazın kəndində Cəmil Həsənliyə dəstək vermiş gəncin “cibindəki” narkotiki Bakıdan “görüb”, xüsusi əməliyyat qrupu ilə gedib həbs edən DİN-nin nəhəng narkotiklərlə mübarizə ordusu hara baxır? Yəni doğrudanmı milli “KQB”mizi müxalifətçiləri güdmək o qədər məşğul edib ki, bir həftə ərzində ölkənin içində o tərəf-bu tərəfə hərəkət edən tonlarla narkotikdən xəbər tutmayıb? 
YAP-çıların və dostlarının “narkotik alveri və tranziti Qərb dövlətlərində də baş verir” arqumenti qəbul olunmur. Onu hamı bilir. Lakin onu da hamı bilir ki, həmin ölkələrdə hökumət bu bəla ilə ciddi mübarizə aparır. Narkomafiyanın başçıları həbs olunur, silahlı müqavimət göstərənlər hətta məhv edilir, tonlarla narkotik müsadirə olunub məhv edilir, bu mübarizədə bacarıqsızlıq edən vəzifəli şəxslər isə vəzifəsindən azad olunur. Əhalinin narkotikə bulaşmaması üçün, artıq bu bəlaya düçar olmuşların isə dövlət hesabına müalicəsi ilə bağlı nəhəng dövlət proqramları həyata keçirilir. Bizim ölkəmizdə belə bir mübarizəni görən oldumu? Tam əksinə, BMT-nin hesabatına görə təkcə ötən il 308 ton narkotik ölkəmizdən “sabitlik və əmin-amanlıq” şəraitində keçib digər ölkələrə daşınıb. Aydındır ki, bu cnayət də mandat alveri, adam oğurluğu, korrupsiya, insan alveri cinayətləri kimi inhisardadır. Dövlət hakimiyyətinin himayəsində olmasaydı, bu qədər iri miqyasda və cəzasız şəkildə narkotik satışı və tranziti mümkün olmazdı. 
“Cinayət törədib, pul qazanırlar, mənə nə?” deyib keçməyin. Bir tərəfdən tam günahsız adamlar narkotiklə şərlənib həbsə atılırsa (siyasi məhbusların 13 nəfəri bu ittihamla həbs edilib), digər tərəfdən ölkə əhalisi arasında narkotikin daha da geniş yayılması üçün əlverişli şərait yaradılır. Yenə də BMT hesabatlarına görə, ölkəmizdə narkotik istifadəçilərinin sayı 500 min nəfərə yaxındır, inyeksiya (iynə vurmaq) yolu ilə narkotik istifadəsinə görə ölkəmiz qısa müddətdə dünya birincisi olub. Ölkəmizdə cəmi 2 milyondan bir az artıq ailə olduğunu nəzərə alsaq, deməli, hər 4-5 ailənin birində artıq narkotikə qurşanmış kimsə var. Bu isə millətin tədrici məhv edilməsidir. 
“Nə edə bilərik ki?” deyib də keçməyək. Millət özü özünə sahib çıxmalıdır.

P.S. Bu yazını 2 həftə əvvəl yazmışdım. Sonra ermənilərlə atəşkəs pozuldu, daha sonra da hökumətin demokratik düşərgəyə qarşı savaşının növbəti mərhələsi başlandı və beləliklə, 3 ton heroin söhbəti gündəmdən düşdü. Bu günlərdə Bakıdan gedən əməliyyatçıların Sabirabadda AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovu narkotiklə şərləyib həbs etmələri narkotik söhbətini ölkə gündəminə yenidən qaytardı. Xeyli adam bu mövzunu az qala unutmuşdu. Özünüzdən küsün.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap